Rəsmi Bakı: "Bütün Qarabağ Azərbaycanın ərazisidir, Rusiya sülhməramlıları müvəqqətidir"

Hikmət Hacıyev

Şəklin mənbəyi, BBC News Azərbaycanca

Bütün Qarabağ Azərbaycanın suveren ərazisidir, beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və 10 noyabr bəyanatına uyğun olaraq sülhməramlı qüvvələr Azərbaycanın Qarabağ bölgəsinin müəyyən bir hissəsində müvəqqəti olaraq yerləşdiriliblər", Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə deyib.

O həmçinin bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə "müəyyən müzakirələr hələ davam edir".

Cənab Hacıyev Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti və əməliyyatlarının Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları 10 noyabr tarixli Üçtərəfli bəyanatına əsasən həyata keçirildiyini qeyd edib.

Hacıyevin sözlərinə görə, 10 noyabr Üçtərəfli razılaşması sülhməramlı qüvvələr üçün "siyasi və müəyyən dərəcədə hüquqi çərçivəni" müəyyən edib.

"Əlavə razılaşmalara və sülhməramlıların mandatı barədə əlavə hüquqi mexanizmlər məsələsinə gəldikdə, tərəflər arasında bu barədə ilkin kontaktlar olub və müəyyən müzakirələr hələ davam edir", - Hacıyev bildirib.

Hikmət Hacıyevin açıqlamasından belə başa düşülür ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatıdan başqa Rusiya hərbi kontingentinin hazırda Qarabağda varlığını və fəaliyyətini tənzimləyən başqa bir sənəd yoxdur.

Həmin bəyanatda deyilir ki, "Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır."

2000-ə yaxın Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsində 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanat açıqlandıqdan dərhal sonra Qarabağda və eni 5 km olan Laçın dəhlizində yerləşdirilib.

Azərbaycanın Ermənistanla sərhədinin Laçın dəhlizinə düşən hissəsi də hazırda Bakının nəzarəti xaricindədir.

Bakı narahatdır

Bəyanatda qeyd olunmuş 5 illik müddətinin 1 ili artıq arxada qalmaqdadır və bu vaxt ərzində Bakıdan Moskvaya ötürülən siqnallar Üçtərəfli razılaşmanın şərtlərinə necə əməl edildiyindən Azərbaycanın narahat olduğunu göstərir.

Azərbaycan Müdafiə Nazirliyi son zamanlarda vaxtaşırı olaraq Qarabağda Rusiyalı sülhməramlılarının məsuliyyət zonasından Şuşa ətrafı da daxil olmaqla Azərbaycan mövqelərinin atəşə tutulduğunu bildirir.

Rusiya Müdafiə Nazirliyi isə Şuşa ətrafında atışmalara dair verdiyi açıqlamalarda atəşin hər iki tərəfdən açıldığını qeyd edərək, Rusiya Sülhməramlılarının məsuliyyət zonasında qalan silahlı erməniləri "Dağlıq Qarabağın hərbi birləşmələri" adlandırır.

Bir müddət əvvəl Azərbaycan Rusiyadan sülhməramlıların olduğu ərazilərdə Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi "hallarına son qoymasını" tələb edib.

Prezident İlham Əliyev bu yaxınlarda CNN Türk kanalına müsahibəsində Bakının Moskavadan "Ermənistanı sılahlandırmayacağını" gözlədiyini deyib.

Azərbaycan Prezidentinin cavablarında diqqəti çəkən daha bir məqam Rusiyanı "Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi" kimi xarakterizə etməsi oldu, halbuki əvvəllər rəsmi Bakı Rusiyanı "strateji partnyor" adlandırırdı.

Bu arada Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ermənistana silah satışının Rusiyanın suveren hüququ olduğunu bildirib.

Rusiyanın GOV.RU hökümət domenində isə Qarabağdakı Rusiya kontingenti üçün edilcək bir tədarüklə bağlı tenderin keçiriləcəyi məlumatdında "Dağlıq Qarabağ Respublikası" ifadəsi işlədilib.

Azərbaycan XİN-i Rusiya hökümət saytında bu ifadənin işlədilməsi ilə bağlı rəsmi Moskvaya etirazını bildirib.

Bakı ilə Moskva arasında Üçtərəfli bəyanatın necə yerinə yetirilməsilə bağlı gərginliyi artıra bilən daha bir sahə nəqliyyat kommunikasiyalarının işləməsi məsələsi ola bilər.

Bunun ilk işartısı bu yaxınlarda Azərbaycan sərhədçilərinin Qafan-Gorus yolunun Azərbaycan ərazisindən keçən hissəsini bağlayarkən özünü biruzə verdi.

10 noyabr tarixli Üçtərəfli bəyanat açıqlandıqdan dərhal sonra Azərbaycan Ermənistanla Xankəndi arasında nəqliyyat əlaqəsini təmin edən Laçın dəhlizinin işə düşməsinə şərait yaratdı.

Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru ilə nəqliyyat əlaqəsi isə hələ də yoxdur.

Rəsmi Bakı Laçın dəhlizinə bənzər Naxçıvanla nəqliyyat əlaqəsi yaratamaq üçün Zənqəzur dəhlizini açmaq istədiyi barədə bəyanatlar versə də, Yerevan öz ərazisində başqa bir dövlətə - Azərbaycana aid olacaq bu cür dəhlizə razılıq verməyəcəyini bildirir.

Azərbaycan isə hələlik işğaldan azad etdiyi ərazilərdə tikinti və bərpa işlərini apardığını deyir. Ötən həftə sonu Bakıdan ilk təyyarə Fizulidəki beynəlxalq aeroporta enib. Aeroport hələ rəsmən istifadəyə verilməsə də, sentyabr ayının sonlarında layihənin başa çatacağı gözlənilir.

Hikmət Hacıyev BBC-yə deyib ki, hazırda bütün işğaldan azad olunmuş ərazilərdə yeni rekonstruksiya işləri başlayır.

"Qarşımızda duran indi əsas məsələ həmin ərazilərdə quruculuq, rekonstruksiya işlərini həyata keçirməkdir. Son 30-40 ildə dünya miqyasında dövlətlərin bu qəbildən və bu miqyasda üzləşdikləri rekonstruksiya layihələri olmayıb", - Hacıyev vurğulayıb.